XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi çərçivəsində nəşr edilmiş Ömər Seyfəddinin “Hekayələr” kitabının Vyanada təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2022 03:17

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində Fond tərəfindən nəşr olunmuş türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ömər Seyfəddinin “Hekayələr” kitabı alman dilində təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Fondun, Azərbaycanın və Türkiyənin Avstriyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vyana Yunus Əmrə İnstitutunda keçirilib.

Təqdimat mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Vyana Yunus Əmrə İnstitutunun rəhbəri Ayşe Yorulmaz, araşdırmaçı-yazar Orxan Araz, Türkiyənin Erciyez Universitetinin professoru Hülya Argünşah və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun bildirib ki, türk ədəbiyyatının inkişafına əhəmiyyətli töhfələr verən Ömər Seyfəddin qısa hekayələr janrının önəmli imzalarından biridir və Türkiyənin imperatorluqdan cümhuriyyətə keçid dönəmində milli dil və bu dillə meydana gələn ədəbiyyatın formalaşmasında onun xüsusi rolu olmuşdur.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva öz çıxışında avstriyalı oxucuları türk dünyasını birləşdirən ədəbi incilərlə görüşdürdüklərini bildirib. Fondun prezidenti kiçik həcmli hekayələri ilə ədəbiyyatda silinməz iz qoyan Ömər Seyfəddinin əsərləri və ümumiyyətlə, ədəbi fəaliyyətilə türk dilinin özləşməsinə çalışdığını, türkçülük axınının qurucu və öncüllərindən biri olduğunu qeyd edib. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin beynəlxalq aləmdə tanıtımı üçün layihələrin həyata keçirildiyini, təşkilatın məqsədinin türk xalqlarının tarixini, adət-ənənələrini, musiqisini, ədəbiyyatını, memarlığını, sənətini, ümumiyyətlə mədəni irsini qorumaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək olduğunu dilə gətirib.

Tədbirdə uzun illər Almaniyada yaşayan araşdırmaçı yazar Orxan Araz, tərcüməçi German Kohl, Ömər Seyfəddinlə bağlı elmi məqalələri ilə tanınan Türkiyənin Erciyes Universitetinin müəllimi, professor Hülya Argünşah görkəmli yazıçının cəmi 36 il yaşamasına baxmayaraq, türk ədəbiyyatına böyük töhfələr verdiyini vurğulayıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk ədəbiyyatının növbəti dəfə Avropada tanıdılması yönündə çalışmalarını yüksək qiymətləndiriblər.

Təqdimatda TRT tərəfindən Fondun himayəsi ilə çəkilmiş Ömər Seyfəddinin həyat və yaradıcılığına həsr olunmuş sənədli film göstərilib.

Sonda Azərbaycanın Xalq artisti Mehriban Zəki türk mədəniyyətinin incilərindən seçmələr ilə çıxış edib.

Baxış sayı: 242