XƏBƏRLƏR
MƏLUMAT
Bakı Musiqi Akademiyasında Fərhad Fəxrəddininin yaradıcılığına həsr olunan elmi seminar təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2021 05:06

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: "Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə İranın görkəmli ustad sənətkarı, elm xadimi, bəstəkar, dirijor Fərhad Fəxrəddininin yaradıcılığına həsr olunan onlayn elmi seminar təşkil olunub. Elmi seminar Bakı Musiqi Akademiyasının doktorantı, elmi işçisi, bəstəkar İlahə İsrafilova tərəfindən keçirilib.

Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə iki qonşu xalq arasında mövcud olan dostluq əlaqələrindən söz açıb. Bildirib ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra iki ölkə arasında mədəni əlaqələr müxtəlif sahələrdə daha da genişlənərək yüksək səviyyəyə çatdırılıb.

Sonra elmi məruzə ilə çıxış edən İlahə İsrafilova seminarın ustad Fərhad Fəxrəddininin doğum gününə həsr olunduğunu bildirib.

O, bəstəkarın yaradıcılığının bir neçə istiqamətdə inkişaf etdiyini diqqətə çatdıraraq, xüsusilə bəstəkarın İran Milli Musiqisinin tarixi, muğam, kino musiqisi, elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib.

Məruzəçi Fərhad Fəxrəddininin monumental əsərlər ərsəyə gətirdiyini, qədim şərq musiqisinin elmi tədqiqatları ilə müasir dövrün tədqiqatçılarının yaradıcılığı arasında körpü yaratdığını vurğulayıb. Daha sonra bəstəkarın məşhur əsərləri arasında "İbn Sina" süitası, Azərbaycan tarı üçün yazılan konserti İ.İsrafilova tərəfindən nümayiş etdirilib.

Seminarda Fərhad Fəxrəddininin Azərbaycan tarı üçün yazılan konsertinin ilk ifaçısı, elmi laboratoriyanın baş elmi işçisi, Xalq artisti, professor Ramiz Quliyev çıxışında Azərbaycan-İran mədəniyyət əlaqələri haqqında, ustad bəstəkarla yaradıcılıq əlaqələrindən Fərhad Fəxrəddininin dirijorluğu ilə konsertdə çıxışından söhbət açıb.

Seminarda çıxış edən İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan musiqi əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu vurğulayıb və 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi İli" elan olunduğuna görə iki ölkə arasında birgə layihələrin keçirilməsini arzulayıb.

Elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Xalq artisti Zümrüd Məmmədova İrandakı konserti və festival səfərlərindən danışaraq, İran musiqiçiləri ilə gələcəkdə də əməkdaşlığın vacibliyini qeyd edib.

Baxış sayı: 95