XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Opera və Balet Teatrı MDB ölkələrinin ən yaxşı opera teatrlarının ilk beşliyinə daxil edilib
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2020 04:23

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı MDB ölkələrinin ən yaxşı opera teatrlarının reytinqində ilk beşliyə daxil edilib.

Open.az AzərTAC-a istinadən xəbər verir ki, Rusiyanın TurStat analitik agentliyi Beynəlxalq Mədəniyyət Günü ərəfəsində tamaşaçılar arasında populyarlıq haqqında məlumatlar, həmçinin teatrların saytlarında və sosial şəbəkələrdə onlayn-translyasiyalar əsasında teatrların reytinqini tərtib edib.

Birinci yeri Moskvadakı Dövlət Akademik Böyük Teatrı tutub. Minskdəki Belarus Böyük Teatrı və Almatıdakı Abay adına Qazax Dövlət Akademik Opera və Balet Teatrı da liderlər üçlüyündədir.

Daha bir Qazaxıstan teatrı – Nur-Sultandakı “Astana Opera” reytinq cədvəlinin dördüncü sətirində yer alıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı reytinqin beşinci sətrində qərarlaşıb.

Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrı (Daşkənd), Moldova Respublikasının Mariya Bieşu adına Milli Opera və Balet Teatrı (Kişineu), Abdılasy Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrı (Bişkek), Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrı (Düşənbə) top-10 siyahısında sonrakı yerləri tuturlar.

Baxış sayı: 106