XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti İsmayıl Hidayətzadə
ÜMÜMİ XƏBƏRLƏR
19/08/2022 00:31

İsmayıl Hüseyn oğlu Hidayətzadə 19 avqust 1901-ci ildə Bakıda dənizçi ailəsində doğulub. İsmayıl Hidayətzadənin teatrla ilk tanışlığı meydan və küçə oyun tamaşalarından, dərviş nağıllarından, şəbih mərasimlərindən başlayıb. Atası Hüseyn kişi onu molla məktəbində təhsilə yollayıb. Kasıb övladı sayıldığı üçün İsmayıla “İttihad”da güzəştlə oxumağa izn verilib. 1917-ci ildə atası rəhmətə gedəndən sonra İsmayıl təhsildən uzaqlaşmaq məcburiyyətində qalıb və ticarət müəssisələrində pirkeşlik etməyə başlayıb. Elə həmin ildən də Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq edib, hətta tamaşalar hazırlayıb. Müəllim Mirzə Rza Vaizzadənin “Səyavuş” dramını tamaşaya qoyub (1919). Bununla da peşəkar teatr dəstələri ilə təması yaranıb.

1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib “Dövlət Teatrosu” kimi fəaliyyətə başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də vardı. O, bugünkü Akademik Milli Dram Teatrında 1937-ci ilədək aktyor, son iki-üç ildə həm də rejissor işləyib. İsmayıl Hidayətzadə Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına rejissor ştatına keçib. Az sonra kollektivə baş rejissor təyin olunub və ömrünün sonunadək burada çalışıb. 

İsmayıl Hidayətzadə sənətə gəldiyi illərdə aktyorların əksəriyyəti kimi özünü faciə aktyoru Hüseyn Ərəblinskiyə bənzədib. Cəfər Cabbarlının ciddi təhriki ilə İsmayıl Hidayətzadə xarakter rollar oynamağa keçib, “Sevil”dəki Əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənib. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd (“Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dönüş”, Cəfər Cabbarlı), Şvandiya (“Lyubov Yarovaya”, Konstantin Trenyov), Şmaqa (“Günahsız müqəssirlər”,  Aleksandr Ostrovski), Hacı Qara (“Hacr Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro (“Topal Teymur” və “Knyaz”, Hüseyn Cavid), Pyer (“İki yetimə”, Adolf D'Enneri və Germon), Rəmzi (“Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrullah (“Ölülər”, Cəlil Məmmədquluzadə) Baron (“Yurdsuz insanlar”, Maksim Qorki) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilib.

“Almaz” filmində Şərif roluna çəkilib. Aktyor yaradıcılığına görə “Azərbaycan SSR-nin Əməkdar artisti” (25 aprel 1933) və rejissor axtarışlarındakı nailiyyətlərinə görə “Xalq artisti” (4 dekabr 1938) fəxri adları ilə təltif olunub.

İsmayıl Hidayətzadə 1 noyabr 1951-ci ildə Bakıda vəfat edib.

Baxış sayı: 362