XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2025 15:50

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan vəsaitdə bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Biblioqrafik icmalda şairin müəllifi olduğu və onun haqqında qələmə alınan kitablar, dövrü mətbuat nümunələri sərgilənir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şairin müxtəlif illərdə 12 cilddə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Axı dünya fırlanır”, “Gülüstan poeması”, “Ağ atlı oğlan”, “Örtmə pəncərəni”, “Türk dünyasının Bəxtiyarı”, “Parlament fəsilləri və Bəxtiyar Vahabzadə”, “Bəxtiyar Vahabzadə poeziyasının dili”, “Bəxtiyar Vahabzadə pyeslərinin səhnə taleyi” kimi 50-yə yaxın kitabın biblioqrafik təsviri ilə yanaşı qısa annotasiyası da verilib.

Biblioqrafik icmal kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar kitabxananın rəsmi saytında https://www.ryl.az/activity/Bextiyar_Vahabzade elektron resursların bazası yaradılıb. Bazada sözügedən mövzuda “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Səs”, “Şərq” kimi dövrü mətbuat nümunələrinin internet portallarında dərc edilən material toplanıb. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

 

Baxış sayı: 22