XƏBƏRLƏR
MƏLUMAT
“Vətəni yaşadanlar” rubrikasında Əlif Hacıyev
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2021 02:25

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulub. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidməti Minsk şəhərində keçib. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub. 1979-cu ildə həmin məktəbi bitirib, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışıb. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum ediblər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdiriblər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilib. 1987-ci ildə onun işinə yenidən baxılıb, 10 il həbs cəzası 6 ilə endirilib. O, 1989-cu ilin fevral ayının 20-də azadlığa çıxıb.

Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirib. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışıblar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr verir ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.

1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedib. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib.

Ona deyib ki, “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan.”

Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilməyib. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərib. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bilib. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyib. Belə məqamda Hacıyev bir an belə dinclik tapmayıb, qətiyyətlə yenidən geriyə dönüb. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.

Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalıb. Onun Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtüb.Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: “Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirib.

Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

Baxış sayı: 647