XƏBƏRLƏR
MƏLUMAT
“Unutmarıq Şəhidim” rubrikasında Emil Qurbanov
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2021 01:53

Emil Vaqif oğlu Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 1986–1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olub.

2002–2003-cü illərdə həqiqi hərbi xidməti Emil Qurbanov leytenant rütbəsi alaraq bitirib. 2003-cü ilin oktyabrında Tərtər rayonunun "N" saylı hərbi hissəsində tağım komandiri kimi xidmətə başlayıb. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlayıb, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak edib. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunub. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlayıb.

2001-ci il oktyabrın 10-da ailə həyatı qurub. Həyat yoldaşı Vüsalə xanım Qurbanlı ali təhsillidir. Lənkəran şəhər 17 saylı körpələr evi uşaq bağçasında metodist işləyib. Emilya adlı qız övladı var. Emilya xanım hal-hazirda Lənkəran şəhər humanitar kollecinin 4-cü kurs tələbəsidir.

2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsidə tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. 6 noyabrda Lənkəranda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda", 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Emil Qurbanov "Cəbrayılın azad olunmasına görə", 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 172