XƏBƏRLƏR
MƏLUMAT
Operanın ilk qadın aktrisası Sona Hacıyeva
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2023 00:48

Azərbaycan teatrının ilk milli aktrisalarından olan, opera və dram tamaşalarında əksər rolların əzəl qadın ifaçısı Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Nuxada (indiki Şəki) doğulub. Anası Əzizə Məmmədova da səhnəmizin ilk peşəkar aktrisalarındandır. Babası Əbdübağının xanəndəlik sənəti, anasının gözəl qarmon çalması Sona xanımda uşaq yaşlarından musiqiyə ciddi maraq oyadıb. Onun özünün də məlahətli səsi olub.

Sona xanım bir yaşında olanda atası vəfat edib. Babası xanəndə Əbdübağı Zülalovun himayəsində yaşayan Əzizə xanım və qızı Sona 1916-cı ildə Tiflisə köçüblər. Az sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə oradan Bakıya gəliblər. Əvvəl anası, sonra isə 13 yaşlı Sona Hacıyevanın özü Əli Bayramov klubunda dram dərnəyinə üzv olublar. 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda Sona Hacıyeva teatra aktrisa dəvət edilib.

Aktrisa iki ilə yaxın bu teatrda işləyib. Sonralar arada yenə teatrın müxtəlif tamaşalarında oynayıb. Sona Hacıyeva 1923-cü ildə Milli Dram Teatrının kollektivinə daxil olub. 1979-cu ilədək, yəni ömrünün sonuna qədər (arada qısa fasilələrlə) bu sənət ocağında işləyib. 1925-ci ilin payızına kimi opera tamaşaları Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanırdı. Milli teatrda ilk rolu Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” faciəsində Səlimə olan Sona Hacıyeva Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib” operalarında Leylinin, Əslinin, Şahsənəmin partiyalarını ifa edib, “Arşın mal alan” operettasında Asyanın rolunu oynayıb.

Yaradıcılığı dram tamaşalarında formalaşan aktrisa milli dramaturqlarımızın əsərlərinin tamaşalarında Solmaz, (Gülüş və Sevil, Yaqut, Sevər, Sona, Gülsabah (“Od gəlini” “Sevil”, ”Yaşar”, “Oqtay Eloğlu”, “1905-ci ildə” və “Dönüş”, Cəffər Cabbarlı), Zinyət, Sünbül (“Toy” və “Aydınlıq”, Sabit Rəhman), Səadət (“Bahar suları”, İlyas Əfəndiyev), Sona (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Xumar, Lena, Çin qızı (“Şeyx Sənan”, “Knyaz” və “Səyavuş”, Hüseyn Cavid), Nazh (“Ölülər”, Cəlil Məmmədquluzadə), Sona, Sayad (“Dağılan tifaq” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Zöhrə (“Eşq və intiqam”, Süleyman Sani Axundov), Gülnar, Mehriban (“Vaqif” və “Xanlar”, Səməd Vurğun), Afaq (“Nizami”, Mehdi Hüseyn), Gülcamal (“Qatır Məmməd”, Zeynal Xəlil) rollarını ifa edib.

Tərcümə əsərlərinin tamaşalarındakı əsas rollarının yığcam siyahısını belə ümumiləşdirmək olar: Vilyam Şekspirin “Hamlet”, “Otello” və “Romeo və Cülyetta” faciələrində Ofeliya, Dezdemona və Cülyetta, “On ikinci gecə” komediyasında Mariya, Aleksandr Ostrovskinin “Tufan” və “Cehizsiz qız” dramlarında Varvara və Qalçixa, Maksim Qorkinin “Həyatın dibində” və “Vassa Jeleznova” pyeslərinin tamaşalarında Anna, Nikolay Qoqolun “Müfəttiş”ində Mariya Antonovna, Pyer Bomarşenin “Fiqaronun toyu”nda Fanşetta, Jan Batist Molyerin “Skapenin mələkləri”ndə Zerbinetta, Fridrix Şillerin “Məkr və məhəbbət”ində Luiza, Jül Vernin “Kapitan Qrantın uşaqları”nda Meri, Vasili Şkvarkinin “Özgə uşağı”nda Manya, Aleksandr Korneyçukun “Polad Qartal”ında Nərgiz, Lev Şeynin və Tur qardaşlarının “Gizli döyüş”ündə Osenina, Aleksandr Şirvanzadənin “Namus”unda Süsən və s.

Sona Hacıyeva “Sevimli mahnı”, “Qızmar günəş altında”, “Səhər”, “O olmasın, bu olsun”, “Bəxtiyar” bədii filmlərində epizod rollara çəkilib. O, 24 aprel 1933-cü ildə “Azərbaycan SSR-nin Əməkdar artisti”, 21 iyul 1949-cu ildə “Xalq artisti” fəxri adları, “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Sona Hacıyeva 4 dekabr 1979-cu ildə Bakıda vəfat edib.

Baxış sayı: 391