XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2025 11:24

Milli Kitabxanada uşaq ədəbiyyatımızın qızıl imzası - Mikayıl Rzaquluzadənin anadan olmasının 120 illiyi münasibətlə “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtibçi, Ön söz”, redaktor olduğu kitablar, həyat yolu, fəaliyyəti və yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Mikayıl Manaf oğlu Rzaquluzadə 1905-ci il martın 17-də Bakı şəhərində anadan olub.

Ədəbi fəaliyyətə 1923-cü ildə "Abdulla Şaiq" kitabçasında çıxan "Müəllim" şeiri ilə başlayıb. İlk məqaləsi isə 1926-cı ildə “Maarif işçisi” jurnalında “Çocuq ədəbiyyatında üsul məsələsi” adı ilə dərc olunub.

Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutub. Onun “Qaranquş yuvası” (1945), “Ağ dana” (1945), “El gücü” (1948), “Qu gölü” (1955) və s. kitabları uşaq və gənclərin sevərək mütaliə etdiyi əsərlərdir. Mikayıl Rzaquluzadə təkcə gözəl şair, nasir, publisist deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan yazıçıların əsərlərini dilimizə çevirən bir söz ustadı kimi şöhrət qazanıb.

 

Baxış sayı: 50