XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Azad Mirzəcanzadə - 95” adlı virtual kitab sərgisi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
29/09/2023 03:09

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında böyük alim, Dövlət mükafatları laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 95 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmış akademik haqqında kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Azad Mirzəcanzadənin həyatı, elmi və pedaqoji fəaliyyəti, ölkəmizin elminə, təhsilinə əvəzsiz töhfələri, neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair apardığı qiymətli tədqiqatlar haqqında məlumatlar təqdim edilir.

Materialda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə haqqında söylədikləri dəyərli fikirlər, alimin Ulu Öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunması haqqında məlumatlar da əks olunur.

Virtual sərgidə Azad Mirzəcanzadənin dünyanın bir çox dillərində çap olunmuş, müəllifi olduğu “Azad yaradıcılıq haqqında düşüncələr”, “Neft və qaz yataqlarının işlənməsi və istismarının nəzəri əsasları” və akademik haqqında yazılmış “Akademik Azad Mirzəcanzadə - neft elminin fenomeni”, “Dünya neft elminin birincisi”, “Azərbaycanın tanınmış riyaziyyatçıları”, “Dahilərin ömür yolu” kimi kitabların biblioqrafik təsviri təqdim edilir.

“Azad Mirzəcanzadə - 95” adlı virtual kitab sərgisi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında https://ryl.az/multimedia/azerbaycanli-alim-akademik-azad-mirzecanzade yerləşdirilib.

Baxış sayı: 457