XƏBƏRLƏR
MƏLUMAT
Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2025 16:35

Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əsərin tarixi-bədii dəyərindən, dramaturji və musiqi xüsusiyyətlərindən ətraflı bəhs edilib.

Muzeyin direktoru, Xalq artisti və bəstəkar Sərdar Fərəcov giriş nitqi ilə çıxış edib. O, “O olmasın, bu olsun” komediyasının Azərbaycan musiqi mədəniyyətində əvəzsiz rolunu vurğulayıb.

Öz növbəsində, Üzeyir Hacıbəylinin ev-muzeyinin Sərgi və ictimai iş şöbəsinin müdiri Vəfa Bağırzadə əsərin dramatik və musiqi xüsusiyyətlərinin ətraflı təhlilini təqdim edərək, onun dahi bəstəkarın yaradıcılığında xüsusi əhəmiyyətini vurğulayıb.

Kinoşünas Hacı Səfərov əsərin filmə uyğunlaşdırılmasını tarixi-bədii baxımdan təqdim edib.

Həmçinin sənətşünas Sədaqət Əliyeva “Geyim mühüm element kimi” mövzusunda məruzə ilə çıxış edərək tamaşanın uğurunda səhnə geyimlərinin əhəmiyyətindən danışıb, bu detalların tamaşaçının hekayəni daha dərindən dərk etməsinə necə kömək etdiyini izah edib.

Sonra tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları - Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Səmədzadə Xasiyev və Aydan Həsənova “O olmasın, bu olsun” musiqili komediyasından seçilmiş səhnələri tamaşaçılara təqdim ediblər.

Aparıcı onu da qeyd edib ki, bu il Üzeyir Hacıbəylinin ev-muzeyinin 50 illik yubileyi qeyd olunur. O, bu mədəniyyət müəssisəsinin tarixindən, fəaliyyətindən, dahi bəstəkarın yaradıcılıq irsinin qorunması istiqamətində görülən işlərdən danışıb.

Baxış sayı: 42