XƏBƏRLƏR
MƏLUMAT
“İlk ictimai kitabxana- qiraətxananın -128 illiyi” başlığı altında dəyirmi masa və sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/08/2022 03:55

XIX əsrin axırlarında Azərbaycan kitabxana işi tarixində mühüm hadisə baş verib.1894-cü ildə Bakıda görkəmli yazıçı, ictimai və dövlət xadimi Nəriman Nərimanov ilk ümumi açıq milli Azərbaycan kitabxana - qıraətxanasının əsasını qoyub.Bu Azərbaycan xalqının mədəni və ictimai həyatında görkəmli hadisələrdən biri olub. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı bu əlamətdar gün ilə əlaqədar  “İlk ictimai kitabxana- qiraətxananın -128 illiyi” başlığı altında dəyirmi masa və sərgi keçirib.

Tədbiri kitabxananın müdiri Vəfa Şirəliyeva açaraq, görkəmli yazıçı, ictimai xadim Nəriman Nərimanovun ictimai, siyasi fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, Milli xalq kitabxana - qiraətxanası yaratmaq fikrinə düşən N.Nərimanov görkəmli ziyalılardan S.M.Qənizadə, H .Mahmudbəyov, Ə.Axundov, Ə.Cəfərzadənin yaxından köməyi ilə Xaqaninin Nizaminin, Füzulinin,  Hafizin,  Firdovsinin, Axundzadənin,Vaqifin, Zakirin və digərlərinin əsərlərini, həmçinin jurnal və qəzet komplektlərini toplamağa başlayıb. Kitabxana - qiraətxananı açmaq üçün müəyyən hazırlıq işi gördükdən sonra, Bakı qubernatorunun icazəsi ilə 1894-cü il, avqustun 1-də kitabxana - qiraətxana fəaliyyətə başlayıb. O, dövrdə kitabxana - qiraətxananı lazımi ədəbiyyatla təmin etmək olduqca çətin idi. N.Nərimanov Misir, Hindistan, Türkiyə, İran və.b.ölkələrin nəşriyyatları ilə əlaqə yaradıb. Qəzet və kitabların çoxu milyonçu H.Z.Tağıyevin hesabına alınıb.

Kitabxanaçı vəzifəsində Nərimanovun silahdaşı Əlisgəndər Cəfərov işləyib. İlk vaxtlar bir ay ərzində kitabxanaya 710 nəfər oxucu gəlib. Nəriman Nərimanovun ilk ümum açıq milli kitabxana - qiraətxanası çox az bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ölkənin mədəni inkişafında, Azərbaycan xalqının milli şüurunun yüksəlməsində, təhsil və tərbiyəsində çox mühüm rol oynayıb. Zəhmətkeş xalq kütlələrinin gözünün açılmasından qorxuya düşən çar hökuməti 1898-ci ildə kitabxananı bağlayıb. Bu gün müasir dövrdə kitabxanalar təkcə qəzet, jurnal, kitab verməklə kifayətlənmir, həm də geniş kütləvi işlər aparırlar. Gələcək nəslin inkişafında, maarifləndirilməsində əllərindən gələni əsirgəmirlər.

Sonda sərgiyə baxış keçirilib.

Videoçarxa aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

https://m.facebook.com/story.php?story_fbid=pfbid02gWo5jW71gRTC25jyeDJrLu2bUeL557TPesjByoGwa89Z3N1pZH2GMv5outCuzZJl&id=100010731720081

Baxış sayı: 209