XƏBƏRLƏR
MƏLUMAT
“Əhməd Cavad – 130” adlı sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2022 08:44

Görkəmli şair, öz ölməz misraları ilə bütövlükdə türk dünyasının ünlü sənətkarına çevrilmiş Əhməd Cavadın anadan olmasından 130 il ötür.

Bununla əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının foyesində milli istiqlal şairimiz Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş sərgi açılıb. Fəal oxuculara və kitabxana əməkdaşları sərgi haqqında məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, o, Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb, onun azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub.

Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. Mükəmməl təhsil alıb, çoxlu dil bilib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.

Rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilib, təqiblərə məruz qalıb.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnib. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olub.

1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunub. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görüb.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Dövlət Himninin müəllifi Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.

Baxış sayı: 179