XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi Abdulla Şaiqin anadan olmasının 144 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2025 11:11

Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. Onun uşaqlar üçün yazdığı bir sıra şeirlər “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. Şairin “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. Ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. O, eyni zamanda “Əlifba” kitabı, müxtəlif dərsliklər və dərs proqramları hazırlayıb. A. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa dramaturqun adı ilə bağlıdır. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.

Abdulla Şaiq 1959-cu ildə vəfat edib. Bakıda Abdulla Şaiqin ev – muzeyi fəaliyyət göstərir.

Baxış sayı: 46