XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/02/2025 16:38

Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycanın folkloru, musiqisi və ifaçılıq sənəti kimi milli dəyərləri, habelə kulinariya ənənələrini və mədəni irsin digər elementlərini gənc nəslə çatdırmaqdır.

Seminar çərçivəsində mütəxəssislər bu mövzuda mühazirələr oxuyub, tədqiqat işlərini təqdim ediblər.

Musiqili proqramla müşayiət olunan tədbirdə “İrəvan” ansamblının ifasında aşıq musiqisi, bəstəkarların əsərləri, xalq mahnıları, eləcə də folklor nümunələri səsləndirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirəzqızı jurnalistlərə müsahibəsində Azərbaycan folklorunun xalqımızın çoxəsrlik tarixində mühüm rol oynadığını qeyd edib: “Bizim əsrlərboyu nəsildən-nəslə ötürülən zəngin folklorumuz var. Bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaq mənəvi borcumuzdur”.

O, həmçinin vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu bu gün dövlətimiz üçün prioritet məsələlərdən biridir. Əməkdar mədəniyyət işçisi əlavə edib: “Məhz bu tədbir zamanı möhtərəm Prezident İlham Əliyevin Azərbaycan təsviri və dekorativ sənətinin banilərindən biri Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması rəmzi hadisədir. Qərbi Azərbaycanda bir çox görkəmli şəxsiyyətlər doğulub boya-başa çatıb, onlar Azərbaycan elminin və mədəniyyətinin inkişafına böyük töhfələr veriblər”.

Daha sonra jurnalistlərlə söhbətin davamında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan mövzusunun aktuallığı barədə danışıb. O vurğulayıb: “Sözsüz ki, bu məsələ bir neçə səbəbə görə son dərəcə vacibdir. Qərbi Azərbaycan ərazisi ayrıca bölgə deyil, vahid Azərbaycanın etnomədəni sisteminin bir hissəsidir. Bu dəyərləri öyrənmədən vahid Azərbaycan mədəni dəyərlərindən danışmaq mümkün deyil”.

Əziz Ələkbərli Qərbi Azərbaycanın milli-mənəvi dəyərlərinin dərin tarixi köklərə malik olduğunu və ölkənin ümumi mədəni irsinin tərkib hissəsini təşkil etdiyini vurğulayıb.

İdarə Heyətinin sədri əlavə edib: “Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Cəlil, Ağbabalı Aşıq İsgəndər kimi görkəmli ustadları tanımadan Azərbaycan aşıq sənəti haqqında necə danışmaq olar, yaxud Dərələyəz, Ağbaba yallılarından bəhs etmədən xalq rəqs sənətindən necə söhbət gedə bilər?”.

Deputatın sözlərinə görə, xalqın mədəniyyəti özünün bütün formalarında, o cümlədən qastronomiyada təcəssümünü tapır və bu da o deməkdir ki, Qərbi Azərbaycanda yaranmış ənənəvi reseptləri nəzərə almadan Azərbaycan mətbəxini tam şəkildə öyrənmək mümkün deyil.

 

Baxış sayı: 107