XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib
ÜMÜMİ XƏBƏRLƏR
20/02/2025 14:55

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, direktor Ümidə Teşaboyeva rəhbərlik etdiyi Milli Kitabxananın Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlığını vurğulayıb.

Onun sözlərinə görə, Mədəniyyət Mərkəzinin layihəsi olan Milli Kitabxanada fəaliyyət göstərən Azərbaycan guşəsi Özbək oxucularına qardaş ölkə, onun mədəniyyəti, incəsənəti, tarixi ilə daha da yaxından tanış olmaq imkanı yaradır.

Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan xalqının qədim zamanlardan yüksək kitabxana işi və kitab oxuma mədəniyyətinə malik olduğunu, qələmə xüsusi ehtiramla yanaşdığını, onu qiymətli sərvət kimi qoruduğunu qeyd edib. O, bu gün də Azərbaycanda əlyazma nümunələrinin toplanması, saxlanması, öyrənilməsi və təbliğinə böyük önəm verildiyini, hər il beynəlxalq kitab sərgilərinin keçirildiyini, burada mütaliə mədəniyyətinin təbliğ olunduğunu, yazıçı və oxucuların görüşləri üçün platformanın yaradıldığını bildirib.

Görüşdə daha sıx əməkdaşlıq, tədbirlərin, təqdimat və layihələrin həyata keçirilməsi, sözügedən kitabxana ilə Azərbaycan kitabxanaları arasında əlaqələrin yaradılması, kitabxana fondunun zənginləşdirilməsi və digər fəaliyyətlərin gələcəkdə həyata keçirilməsi müzakirə edilib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Milli Kitabxanaya Azərbaycan mədəniyyəti, dili, tarixi, ədəbiyyatı və s. mövzulara aid 500-dən çox kitab hədiyyə edilib.

Baxış sayı: 68