XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış tarzən Məmmədağa Muradovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
19/02/2025 12:08

Məmmədağa Muradov 19 fevral 1921-ci il tarixində Bakı şəhərində anadan olub. O 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinə qəbul olunub. O, tez bir zamanda orkestrin solisti olub, daha sonra isə konsertmeyster vəzifəsində çalışıb.

Klassik muğamlarımızın sirrlərinə dərindən bələd olan tarzən həm solo ifaçılıqda, həm də xanəndələri müşayiət etməkdə xüsusi istedada malik olub. O, müğənnilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birgə çıxışlar edib, onları müşayiət edib.

Məmmədağa Muradovun ifaçılıq bacarığı xarici ölkə dinləyiciləri tərəfindən də yüksək qiymətləndirilib. Onun sənəti Misirdə, Tunisdə, Almaniyada, Bolqarıstanda, İranda, Çində, Mərakeşdə, Sudanda və digər ölkələrdə özünə pərəstişkarlar qazanıb, alqışlarla qarşılanıb. Həbəşistanda iki dəfə müvəffəqiyyətli qastrol çıxışları yüksək qiymətləndirilib və bu ölkənin imperatoru Hayle Selasiye tərəfindən qızıl "İmperator" ordeni ilə iki dəfə təltif edilib, bu mükafatlar ona ölkə başçısı tərəfindən şəxsən təqdim olunub.

Məmmədağa Muradov yaradıcılığının çiçəkləndiyi bir dövrdə, ömrünün qırx səkkiz yaşında vaxtsız vəfat edib.

Azərbaycanın Əməkdar artisti Məmmədağa Muradovun 19 fevral 2011-ci ildə 90 illik yubileyi qeyd edilib.

Baxış sayı: 116