XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Muxtar Dadaşovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2024 10:04

Kino tariximizdə layiqli iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur.

Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub.

1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda tamaşalarda kiçik rollar oynayıb. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlib. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib. Orada da bir sıra filmlərin çəklişində iştirak edib.

O, 1935-ci ildə "Rəqs edən bağalar" bədii filminin (Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında) quruluşçu operatoru olub.

Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə" bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov…

Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Sovet Azərbaycanı", "Ana yurdum, Azərbaycan", "Sovet Azərbaycanının 50 illiyi", "Arazın o tayında", "Sabir", "Kür", "Səadət yolu ilə" və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.

Sənətkar  "Əməkdar incəsənət xadimi" (1960), "Xalq artisti" (1976) fəxri adlarına və "Şöhrət" ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub.

Muxtar Dadaşov 1998-ci il mayın 7-də vəfat edib.

Baxış sayı: 139