XƏBƏRLƏR
MƏLUMAT
464 il əvvəl İstanbulda Türk dünyasının memarlıq incisi – Süleymaniyyə məscidi və külliyyəsi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
16/08/2020 04:48

Memar Sinanın İstanbulda inşa etdiyi Süleymaniyyə məscidi və külliyyəsi XVI əsrə aid ən böyük məscid və külliyyədir. Süleymaniyyə məscidi Memar Sinanın “tələbəlik əsərim” deyə adlandırdığı, yalnız Osmanlı memarlığının deyil, dünya memarlığının da ən seçməəsərlərindən biridir. Məscid İstanbulun ən yüksək təpəsi üzərində Sultan Süleyman Qanuninin hökmdarlığının gücünü göstərmək üçün inşa edilib. Topqapı sarayı siyasi, Süleymaniyyə isə bu gücün arxasında duran və ona mənəvi qüvvə verən dini gücü ifadə edir.

İbtidai təhsil verən məktəblərdən yüksək təhsil verən mədrəsələrə, хeyriyyə müəssisələrindən hamamlara, хəstəхanalardan tibb оcaqlarına qədər geniş bir dairəni əhatə edən Süleymaniyyə külliyyəsi möhtəşəm bir sənət harmоniyası təşkil edir. Süleymaniyyə külliyəsi bu gün “Süleymaniyə kitabxanası” olaraq fəaliyyət göstərir.

Bu məscidin Memar Sinan tərəfindən “tələbəlik əsərim” deyə adlandırılması, dahi memarın həm peşəsindəki inkişaf mərhələlərini, həm də memarlıqda davamlı mükəmmələ doğru axtarış içərisində olduğunu göstərir.

Süleymaniyyə məscidi və külliyyəsi 1556-cı ildə, yəni təməl atılandan yeddi il sonra ibadətə açılıb. Bir cümə günü gerçəkləşən məscidin açılışını Memar Sinan özü belə nəql edir: “Açarı padşaha verdim və bir az kənara çəkilərək dayandım. Padşah da yanındakı dövlət adamlarına, vəzirlərə dönərək: “Bu məscidi açmağa kim daha layiqdir?” deyə soruşdu. Ətrafdakı vəzirlər də məni göstərərək; “Bu məscidin inşasında ən çox səy göstərib, zəhmət çəkən Memar Sinandır. Bu baxımdan o ən layiqdir” dedi. Vəzirlərin bu sözündən sonra pardşah mənə dönərək: “Bu Allah evini inşa etdiyin kimi buranı sənin açmağın daha uyğundur” dedi, dua və səna etdikdən sonra açarı mənə verdi. Mən də “Ya Fəttah” (Ey qapıları açan!) deyərək məscid qapısını açdım”.

Süleymaniyyə məscidində əsas günbəzin ağırlığı dördə bölünərək kəmərlər vasitəsilə içəridəki böyük ayaqlara (sütunlara) paylanıb. Memarlıqda daşıyıcı və iki məkanı ayırma vəzifəsi olan divarların Süleymaniyyə məscidindəki daşıyıcı xüsusiyyəti minimuma endirilib, beləcə də üzərində yük daşımayan bu divarlarda çox sayda pəncərə açmaq mümkün olub. Yüzlərcə pəncərədən içəriyə axan günəş şüaları ilə daxili məkan olduqca işıqlı hala gəlib.

İncə dəmir asqılar üzərindəki yağ qəndilləri ilə gecə məscidin işıqlanması təmin edilib. Yüzlərcə qəndildən yüksələn his müəyyən bir hava axını ilə məscid girişinin üstündə yer alan və “his otağı” adı ilə bilinən bir otaqda toplanıb.

Süleymaniyyə məscidində günbəz divarının içərisinə küplər yerləşdirilərək XVI əsrə məxsus orijinal bir səs sistemi əmələ gətirilib. Eynilə bu metoddan Şahzadə, Sokollu Mehmed Paşa və Sultan Əhməd məscidlərinin günbəzlərində də istifadə edilib. İnşa əsnasında 64 ədəd küp ağız hissələri məscidin içinə baxacaq şəkildə günbəzə yerləşdirilib. Bu küplər səsin eyni dərəcədə yayılmasını və arzu edilən akustikanı əldə etməyə kömək edir. Küplərin içi boş olduğuna görə günbəz divarı həm daha da sağlam hala gəlir, həm də günbəzin ağırlığı nisbətən azalır. Memar Sinanın Süleymaniyyə əsəri Yahya Kamal Bayatlıya da ilham verib və o “Süleymaniyyədə bir bayram sabahı” şeirini yazıb:

“...Bir gəliş var!.. Nə mübarək, nə garib aləm bu!..

Hava boydan boya binlərcə hayalətlə dolu...

Hər ufuktan bu gəliş əski səfərlərdəndir;

O səfərlərlə açılmış nicə yerlərdəndir.

Bu sükunəttə karıştıkça karanlıkla ışık

Yürüyor, durmadan, insan və hayalət karışık;

Kimi göktən, kimi yerdən üşüşüp hər kapıya,

Giriyor, birbiri ardınca ilahi yapıya.

Tanrının mabədi hər bir tarafından doluyor,

Bu saatlərdə Süleymaniyə tarih oluyor”...

Süleymaniyyə haqqında bir mütəfəkkir də belə deyib: “Bu möhtəşəm abidə dağılmış bir ölkənin (Osmanlının) qəriblik yaşayan bir guşəsində sanki bu tоrpağın dərinliklərinə kök salıb qranitləşərək duyğu və düşüncələrimizi yuyub aparmaq istəyən azğın sellər qarşısında mətin bir sədd kimi dayanır və əzildiyini qəbul etmiş bugünkü nəsillərə səssiz fəryadları ilə nə isə söyləməyə çalışır”.

Nazim Mustafayev

Baxış sayı: 1118