XƏBƏRLƏR
MƏLUMAT
31 avqust Altıağac Milli Parkı yaradılıb
ÜMÜMİ XƏBƏRLƏR
30/08/2019 08:10

Altıağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 365 saylı Sərəncamı ilə 2004-cü il 31 avqust tarixində Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində Altıağac Dövlət Qoruğu əsasında yaradılıb.

Altıağac Milli Parkı 1990-cı ildə yaradılmış Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılıb. Ərazisi 11035 hektar­dır.

Milli Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flo­ra və fauna növlərinin qorunub saxla­nılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, eko­loji monitorinqin həyata keçirilməsi, eləcə də, tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin ya­radılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsidir.

Altıağac Milli Parkının adının mənşəyi məsafə ölçü vahidi olan “ağac” sözündən götürülüb. Milli Park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı veril­ib (bir ağac təqribən 5-6 km-ə bərabərdir).

Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılıb. Altıağac Milli Parkının ərazisindən Ataçay və onun bir sıra kiçik qolları keçir. Ataçay öz başlanğıcını Dübrar dağının 1870 metr hündürlüyündən götürərək, Xəzər dənizinə tökülür. Suyundan suvarma məqsədləri üçün istifadə olunur. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Bu­radakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyar­paqlı ağcaqayındır. Ərazidə yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu kimi kol bitkiləri üstünlük təşkil edir.

Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq kimi növlərə rast gəlinir. Burada adları Azərbaycanın “Qırmızı Kitab”ına da­xil edilmiş qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir.

Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası fəaliyyət göstərir.

Altıağac Milli Parkı 5 hissədən ibarətdir.

2008-ci il avqust ayının 22-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Altıağac Milli Parkının rəsmi açılış mərasimi olub.

Baxış sayı: 92059