XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanalar dünən və bu gün: yeni informasiya texnologiyasının inkişafı və oxucu problemi
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2016 14:15
Kitabxanalar dünən və bu gün: yeni informasiya texnologiyasının inkişafı və oxucu problemi

Müasir dünya kitabxanaşünaslığında kitabxanalar cəmiyyətdə elmə, informasiyaya, mədəniyyətə, təhsilə və tərbiyəyə xidmət edən institut kimi qiymətləndirilir. Dünya kitabxanaşünaslığında olduğu kimi, bir çox ölkələrin kitabxana işi haqqında qəbul edilmiş qanunlarında kitabxanalar institut adlandırılır, mədəniyyətin mühüm sahəsi kimi onların qarşısında çox böyük sosial vəzifələr qoyulur. Belə qanunlara misal olaraq Azərbaycan Milli Məclisinin 1998-ci ildə qəbul etdiyi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu göstərə bilərik. Bu qanunda göstərilir: “Kitabxana-elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur”.

XX əsrin 20-ci illərindən başlayaraq dünya kitabxanaşünaslığında kitabxana işinin bu və ya digər sahələrinə dair geniş elmi-tədqiqat işləri aparılmağa başladı. Kitabxana işinin qarşısında çox mühüm vəzifələr qoyan müasir şərait bu sahədə yeni elmi, nəzəri fikirlərin meydana gəlməsi üçün vəziyyət yaratdı. Kitabxana işinə dair qiymətli monoqrafik əsərlər, dərsliklər, dərs vəsaitləri, metodik əsərlər yarandı.

XIX əsrin axırlarında böyük dövlət xadimi, doktor Nəriman Nərimanov tərəfindən Bakı şəhərində yaradılmış ümumaçıq qiraətxana-kitabxana da belə kitabxanalardan olmuşdur. Xalqın mədəni inkişafına xidmət etməyi qarşısına məqsəd qoyan doktor Nərimanov qiraətxananın timsalında əhalinin maariflənməsinə kömək göstərən bir mədəni müəssisə görürdü. O çalışırdı ki, kitabxananın oxucuları çoxalsın, kitabxana hamının üzünə açıq olsun.

Daha sonra isə ictimai qiraətxana bağlandıqdan sonra N.Nərimanov, D.Bünyadzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, M.S.Ordubadi və başqa dövlət xadimlərinin böyük qayğısı və nəcib təşəbbüsü ilə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı Kooperasiyasının mədəni-maarif şöbəsi Azərbaycan xalqı üçün xeyirxah bir iş görməyi – kütləvi kitabxana açmağı qərara alır. Bu, istehlak cəmiyyətinin gördüyü işlərin ən yaxşısı idi. Lakin azərbaycanlılara məxsus kitabxana açmaq çox da asan iş deyildir. Çünki o vaxtadək Azərbaycanda mükəmməl bir nəşriyyat olmadığından kitabxana üçün, ələlxüsus kütləvi kitabxana üçün Azərbaycan dilində ədəbiyyat tapmaq mümkün deyildi. O zaman müəllimlərin və ziyalıların əlində müxtəlif vasitələrlə toplanmış bəzi kitablar var idi. Bunlar isə onların özlərinə məxsus kitabxanalarda saxlanılırdı. Bir çox çətinliklərdən sonra bəzilərinə kitabın dəyərindən artıq pul verməklə, bəziləri isə özləri pay verərək xeyli kitab əldə etmək mümkün oldu. Beləliklə Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanda birinci kütləvi kitabxananı açdı. İlk illərdə kitabxanada bir neçə yüz kitab və çox az miqdarda oxucu var idi. Kitabxanada olan kitablar ərəb və fars dillərində Orucov qardaşları tərəfindən nəşr olunan islam tarixinə və köhnə mövzulara həsr olunmuş kitablardan ibarət idi.

1920-ci ildən başlayaraq Sabir kitabxanası öz işlərini genişləndirmək üçün imkan əldə edir. 10 il sonra 1929-cu ildə kitabxana fondu 12300 nüsxə, oxuculsrın sayı isə 4000 nəfər olur. Oxucuların kitabxanaya cəlb etmək və yaxşı kitabları kütlə içərisində yaymaq üçün kitabxana ədəbi müsamirələr, mübahisələr, ədəbi mühakimələr təşkil edir.

Məlum olduğu kimi, ən kiçik kitabxana belə öz fondunda bütün biliklər sistemini: təbiət elmlərinə, humanitar elmlərə, sosial-siyasi elmlərə, həm də bədii ədəbiyyata və incəsənətə dair əsərləri toplayır. Kitabxana fondu ensiklopedik bilik mərkəzini xatırladır.

Təhsil prosesinin iştirakçısı kimi mütaliə pedaqogikasının və onun daşıyıcısı olan kitabxanaların kəsb etdiyi əhəmiyyət öz əksini mühüm dövlət sənədlərində də tapmışdır. Kitabxanalar tarixən, eləcə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraq qalır. Çünki kitabxanalar: Əhalinin mütaliəsini təşkil etmək üçün sistemli qaydada seçilmiş, oxucuları maraqlandıran problemləri öyrənmək əsasında yaradılmış kitab fondlarına malikdirlər. Kitabxanalar mütaliənin təşkilatçısı kimi ölkə ərazisində planlı qaydada yerləşdirilmiş, əhaliyə daha çox yaxınlaşdırılmış, həmçinin müxtəlif oxucu qruplarını müntəzəm mütaliəyə cəlb etmək üçün böyük imkanlara malikdirlər.

Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstərmək, oxuculara kitabxananın məlumat aparatından istifadə etmək vərdişi aşılamaq imkanına malik mütəxəssis işçilər üçün səmərəli fəaliyyət göstərir. Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini şərtləndirən amillərdir.

Respublikamızda XX əsrin 20-30-cu illərindən başlayaraq kitabxana xidmətinin təşkili sahəsində mühüm işlər görülmüş, xidmət prosesi daim kitabxana işinin əsaslı sahəsi hesab edilmiş, onun təkmilləşdirilməsinə, kitabxana işi təcrübəsinin öyrənilib ümumiləşdirilməsinə xüsusi diqqət yetirilmiş, elmi-nəzəri əsaslarının öyrənilməsi diqqət mərkəzində olmuşdur. Respublikamızın kitabxanaşünasları oxuculara kitabxana xidmətinin təşkili haqqında elmi, elmi-kütləvi məqalələr, vəsaitlər yazmış, əsasən keçən əsrin 60-cı illərindən başlayaraq elmitədqiqat işləri aparmış, dissertasiyalar yazmışlar.

Cəmiyyətdə mütaliənin kütləvi xarakter alması kitabxana xidmətinin təşkili prosesinin mahiyyətini tamamilə dəyişmiş, onun daha ümumi hal almasını, keçmiş kitabxana təcrübəsində istifadə edilən forma və üsullardan fərqli olan yeni xidmət formalarının meydana gəlməsini əsaslandırmışdı. Bütün bu iş forma və üsulları ənənəvi üsullardan fərqlənən, oxuculara daha operativ xidmət işini təşkil etmək, xidmət prosesini intensivləşdirmək üçün böyük əhəmiyyətə malikdir.

Son illərdə cəmiyyətdə kitabxanalar, kitabxanaçılar, oxucular tamamilə başqa bir formada dəyişiblər. Çünki 80-90-cı illərdə kitabxanalarının qarşısında insanların əksəriyyətini kitabxana oxucuları sırasına cəlb etmək və mövcud kitabxana fondlarını onların üzünə açmaq vəzifəsi qoyulmuşdusa, indi insanların dünya informasiya mənbələrinə daxil olmaq və onlardan istifadə etmək vəzifəsi qoyulmuşdur. Kitabxanaların vəzifəsinin bu cür dəyişməsi, kitabxana xidmətinin yenidən qurulmasını, kitabxanaların yeni informasiya texnologiyasına malik olmasını, xidmət prosesinin kompüterləşdirilməsini, informasiya xidmətinin ön plana çəkilməsini tələb edir.

Kompüterləşdirilmiş (informasiyalaşdırılmış) kitabxana sistemlərinin yaranması və formalaşması əhaliyə kitabxana xidmətinin təşkili qarşısında olduqca yeni, ənənəvi iş metodları ilə yanaşı, müasir xidmət metodlarının yaradılmasını tələb edir. Müasir dövrlə, şəraitlə ayaqlaşa bilən indiki oxucunun sorğularına cavab verə bilən metodların və üsulların hazırlanması təmin edilməzsə, kitabxanalar öz oxucularına peşəkar xidmət etməkdən məhrum olar, öz oxucularını itirər.

Bu gün kitabxanalarda yaranan oxucu problemi məhz bu səbəbdən irəli gəlmişdir. Ona görə ki, oxucular vaxt itirməmək üçün daha cox internet məlumatlardan istifadə edirlər. Amma onu yaddan çıxarmamalıdırlar ki, texnologiyanın sürətli inkişaf etdiyinə baxmayaraq kitab oxumaq, mütaliə etmək ən gözəl istirahət və mənəvi zövqdür.

İstifadə olunan ədəbiyyatlar:

1998-ci il “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu

A.Xələfov “Kitabxana və cəmiyyət”

M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının tarixi haqqında arxiv məlumatlar

Hazırladı: Səbail MKS-nin 1 saylı filialının informasiya resursları şöbəsinin müdiri Zeynalova Afət


baku-art.az
Baxış sayı: 64181