XƏBƏRLƏR
MƏLUMAT
Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/07/2025 14:43

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycan İncəsənət Məktəbinin tələbələrindən ibarət daha bir qrupun diplom tamaşaları nümayiş olunub. Xalq artisti Məmmədsəfa Qasımovun quruluşunda Anton Çexovun “Ayı” və “Elçilik” əsərləri əsasında hazırlanan tamaşalar iyulun 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim edilib.

Səhnə əsərlərini mərkəzin əməkdaşları – Təhlil, təlim və tədris şöbəsinin müdiri Cəmilə Mirzəyeva, teatrşünas Dağlar Yusif, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, direktoru Tural Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı və teatrsevərlər izləyiblər.

Nümayişdən sonra layihə üzrə tədris proqramını uğurla bitirənlər diplomla təltif olunublar.

Xatırladaq ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi gənclərin səhnə sənətinə marağının artırılması, istedadlarını ifadə etmələri üçün şərait yaradılması, həmçinin onlara aktyorluq ixtisası üzrə ilkin biliklərin verilməsidir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərtib etdiyi proqram əsasında təşkil olunan dərslər peşəkar pedaqoqlar tərəfindən aparılıb. Doqquz aylıq proqram üzrə gənclər həftədə iki dəfə olmaqla, dərslərdə iştirak ediblər.

Layihə çərçivəsində, eyni zamanda, tələbələrin qrup şəklində peşəkar teatr və kino proseslərində təcrübə qazanmasına və tanınmış sənətçilərdən ustad dərsləri almasına da imkan yaradılıb.

Baxış sayı: 36