XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada akademik Nizami Cəfərovun 65 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2024 10:39

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun anadan olmasının 65 illiyi münasibətilə "Nizami Cəfərov-65" adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazası akademikin zəngin elmi, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə “Nizami Cəfərovun Ədəbiyyat söhbətləri”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Nizami Cəfərov dünya kitabxanalarında” kimi bölmələri cəmləyib.

Elektron bazada Nizami Cəfərov haqqında qələmə alınan akademiklər Yaqub Mahmudovun “Ziyalılığımızın Nizami Cəfərov ünvanı”, İsa Həbibbəylinin “Çağdaş elmi-ictimai fikrimizin Nizamisi”, Abel Məhərrəmovun “Görkəmli alim, böyük ziyalı”, Misir Mərdanovun “Alimliklə kamilliyin vəhdəti”, Xalq şairi Nəriman Həsənzadənin “İki zirvə çələngi...Şair Nizamidən - alim Nizamiyə...” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Nizami Cəfərovun müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, elmi-publisistik məqalələrin, dissertasiya işlərinin siyahısı, müsahibə və tərcümələri təqdim edilib. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada akademikin kitablarının virtual sərgisi, video və fotoqalereyası da sərgilənib.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında (https://ryl.az/melumat-bazalari /Akademik_Nizami_Ceferov_el_melumat_bazasi/index.html) yerləşdirilib.

 

Baxış sayı: 44