XƏBƏRLƏR
MƏLUMAT
Bakı Kitab Mərkəzində “YüksƏl” layihəsi çərçivəsində Payız seminarlarına start verilib
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2024 09:11

Bakı Kitab Mərkəzi gənclər üçün “YüksƏl” layihəsi çərçivəsində Payız seminarlarına başlayıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 19-da “Biz dilimizdə necə danışırıq?” mövzusunda ilk seminar keçirilib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva və telejurnalist, Əməkdar artist Nərgiz Cəlilova tərəfindən təqdim olunan seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Gənclərin İnkişaf və Karyera Mərkəzindən, RİİB və ASAN təşkilatlarından könüllülər iştirak ediblər.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə Bakı Şəhər İcra Hakimiyyətinə dərin təşəkkürünü bildirib.

Seminarda Sevinc Əliyeva və Nərgiz Cəlilova müasir Azərbaycan dili ilə bağlı çağırışlardan bəhs ediblər. Məruzəçilər vurğulayıblar ki, ədəbi dilimizin qanun-qaydalarına əməl edilməsi çox vacibdir. Yazıda və danışıqda məntiqli olmaq, sözləri düzgün ifadə etmək, ahəngimizə, sözlərin düzülüşünə və cümlənin quruluşuna diqqət yetirmək zəruridir. Bu sahədə hələ də mövcud olan qüsurları qeyd edən məruzəçilər, Azərbaycan dilində səlis danışan tanınmış diktorlar və dilçi alimlərin telekanallara dəvət edilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Ortaq Türk Əlifbası təklifi ilə bağlı əldə olunmuş razılıq da türk xalqları arasında qarşılıqlı anlaşmanın inkişafına və onların dillərinin qorunmasına töhfə verəcək.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Sonda iştirakçılara mövzuya aid kitablar hədiyyə edilib.

Qeyd edək ki, “YüksƏl” layihəsinin əsas məqsədi gənclərin intellektual imkanlarını və dünyagörüşünü genişləndirmək, onların aktual problemlərə və çağırışlara marağını artırmaq, cəmiyyətlə bağlı mövzuları dərindən öyrənməkdir. Layihə çərçivəsində Bakı Kitab Mərkəzində bir sıra seminarların keçirilməsi planlaşdırılır.

 

Baxış sayı: 39