XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” - leytenant Emil Əsədov
ÜMÜMİ XƏBƏRLƏR
11/01/2023 04:51

Emil Əsədov 1998-ci il yanvar ayının 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2004-2012-ci illərdə Z.Həmidov adına Çuxanlı kənd orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “ "Motoatıcı" ixtisası üzrə alıb.

Azərbaycan Ordusunun leytenantı olan Emil Əsədov  2020-ci il sentyabrın 27-də erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin  başladığı Vətən müharibəsində taqım komandiri kimi Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Döyüşlər zamanı Ermənistan ordusunun 90-dan çox canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya-11" ləqəbini qazanıb. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd uğrunda döyüşlər zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.

Azərbaycanın  ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş etdirməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 09 dekabr tarixli Sərəncamına əsasən Emil Əsədov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Baxış sayı: 482