XƏBƏRLƏR
MƏLUMAT
Şairlər vətənpərvərlik mövzulu layihələrə virtual qoşulur
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2020 02:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Baş İdarənin həyata keçirdiyi layihələrə qoşularaq bir sıraşairlərin şeir və hekayələrini sosial şəbəkələrində yayımlayıb. Onlardan da biri qəzəlxan Alim Mühriqin vətənpərvərlik mövzulu şeiridir.

Qeyd edək ki, Xəzər rayon MKS-i pandemiya dövründə İnternet üzərindən fəaliyyətini davam etdirərək bir sıra şair və yazıçılarla sıx ünsiyyət qurub, onların fikirlərini izləyicilərlə bölüşərək şeirlərini təqdim edib.

"Vəfa" və "Məcməüş-Şüəra" ədəbi məclislərinin üzvü, Kitabxananın Fəxri oxucusu Alim Mühriqin qələmə aldığı yeni “Yaşa Azərbaycan” şeiri kitabxananın sosial media hesablarında paylaşılıb.

Alim Mühriq

Daima hazırıq uğrunda verək şövq ilə can 

Gedərik əldən əgər dəysə sənə zərrə ziyan 

Sənin hər daşına torpaqına min can qurban

Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

 

Yurdumun bizlərə hər çınqılı bir gövhərdir

Dağlarından süzülən hər bulağı Kövsərdir

Torpaqa qanla yazılmış bu kəlam zivərdir

Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

 

Sənin eşqin ilə minlərlə vətənpərvər oğul

Üz tutur cəbhəyə olsun sənə əsgər hər oğul

Can verən dəm bu şüarı deyir hər əsgər oğul

Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

 

Olmasın bir dəm əzizim bu həyatım sənsiz

Yasə çevrilsin əgər varsa büsatım sənsiz

Olmaz heç bir dəyəri olsa vəfatım sənsiz

Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

 

Edər uğrunda bütün varını qurban Mühriq

Xoş gününçün xoş olar olsada nalan Mühriq

Nə qədər var nəfəsi söylüyər hər an Mühriq

Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

Baxış sayı: 1329