XƏBƏRLƏR
MƏLUMAT
Rus ədəbi tənqidinin banisi Vissarion Qriqoryeviç Belinskinin anadan olmasının 210 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2021 01:38

Vissarion Qriqoryeviç Belinski 1811-ci il iyun ayının 11-də Finlandiyanın Sveaborq şəhərində anadan olub. 1829-cu ildə Moskva Universitetinə daxil olub, lakin təhkimçilik əleyhinə yazdığı “Dmitri Kalinin” dramına görə 1832-ci ildə universitetdən xaric edilib. 

1833-1836-cı illərdə “Teleskop” jurnalında və “Molva” qəzetində işləyib, “Ədəbi xəyallar” (1834), “Rus povesti və cənab Qoqolun povestləri haqqında” (1835) adlı ilk irihəcmli məqalələrini məhz bu qəzetlərdə çap etdirib. 

Belinski 1838-1839-cu illərdə “Moskovski nablyudatel” jurnalının redaktoru olub, 1839-cu ilin sonunda Peterburq şəhərinə köçərək “Oteçestvennıe zapiski” jurnalında çalışıb.

1847-ci ilin yanvarından 1848-ci ilin mayınadək “Sovremennik” jurnalının Tənqid şöbəsinə rəhbərlik edib. Rus realist estetikası və ədəbi tənqidinin banisi sayılan Belinski yaratdığı əsərlərlə nəinki rus ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına əvəzsiz töhfələr verib. Rus milli mədəniyyətinin inkişafında böyük tarixi xidmətləri ilə yanaşı, həmçinin rus ictimai fikrində inqilabi-demokratik ideyalara əsaslanan materialist fəlsəfənin yaranmasında misilsiz xidmətləri olub.

Belinski inqilabi demokratik ruhlu “M.Lermantovun şeirləri” (1841), “Tənqid haqqında” (1842), “Çiçikovun sərgüzəştləri, yaxud “Ölü canlar” poeması haqqında bir neçə söz”, (1842) “A.Puşkinin əsərləri” (11 məqalə (1843-46)), “1846-cı il rus ədəbiyyatına bir nəzər” (1847), “1847-ci il rus ədəbiyyatına bir nəzər” (1848) və s. əsərlərini yazıb. Əsərlərində ədəbiyyatın elmi təfəkkürdən fərqli olaraq həyatın bədii-obrazlı idrak forması olduğunu oxucunun nəzərinə çatdırıb. Onun fikrincə ədəbiyyat xalqın, vətənin müqəddəratı ilə bağlı olmalı, onun arzu və ideallarını əks etdirməlidir.

Belinski səhhəti ilə bağlı 1847-ci ilin may ayında müalicə üçün Almaniyanın Zalsbrun şəhərinə gedib və orada məhşur “Qoqola məktub” əsərini yazıb, yazıçının yaradıcılığındakı səhvləri kəskin tənqid edib.

Azərbaycan ədəbi və ictimai fikrinin inkişafına, o cümlədən M.F.Axundzadənin ədəbi-estetik və fəlsəfi görüşlərinin formalaşmasına Belinskinin çox böyük təsiri olub. Heç təsadüfi deyil ki, M.F.Axudzadənin bir sıra ədəbi-tənqidi fikirləri Belinskinin fikirləri ilə səsləşib. Yazıçı Azərbaycan şərqşünas-alim və şairi Mirzə Cəfər Topçubaşovun elmi, ədəbi fəaliyyətini yüksək qiymətləndirib.

Rus ədəbi tənqidçisi, publisist Vissarion Belinski 1848-ci il iyun ayının 7-də Peterburq şəhərində vəfat edib.

Baxış sayı: 500