XƏBƏRLƏR
MƏLUMAT
Şirvan-Salyan və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin təhsilverənləri ilə attestasiyaya dair görüşlər keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2025 16:27

2025-ci il 18 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şirvan-Salyan və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin əhatə etdiyi ərazilərdə musiqi və incəsənət məktəblərinin təhsilverənləri ilə məlumatlandırıcı görüşlər keçirilib.

Salyan və Sabirabad şəhərlərində baş tutan görüşlərdə 12 musiqi və incəsənət məktəbinin müəllim və direktorları, həmçinin Mədəniyyət Nazirliyinin müvafiq qurumlarından olan mütəxəssislər iştirak ediblər.

Attestasiya prosesinə həsr olunmuş görüşlərdə iştirakçılara bu prosesin məqsədi, hüquqi əsasları, təhsilverənlərin hüquq və vəzifələri, komissiyaların quruluşu və funksiyaları, eləcə də attestasiya proqramları barədə ətraflı məlumat verilib.

Fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə proqramlar xüsusilə geniş izah olunub, nəzəri və praktiki suallar cavablandırılıb, əyani ifa nümunələri təqdim edilib. Müəllimlər bu təşəbbüsü yüksək dəyərləndirərək, bu cür görüşlərin musiqi təhsilinin inkişafına və müəllimlərin peşəkar səviyyəsinin artırılmasına töhfə verdiyini bildiriblər.

Baxış sayı: 169