XƏBƏRLƏR
MƏLUMAT
Qərbi Avropada klassik komediya janrının banisi - Molyer
ÜMÜMİ XƏBƏRLƏR
15/01/2021 01:17

Jan Batist Poklen və ya sadəcə Molyer (Jean Baptiste Poquelin, dit Molière) - böyük Fransa komediya yazarı, fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci il yanvarın 15-də Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulub. 1639-cu ildə Klermon kollecini bitirib. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərib. Gənc yaşlarında həyatını teatrla bağlayıb, 1643-cü ildə "Parlaqteatr" truppasını yaradıb. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşıb, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilib. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənib, gələcək əsərləri üçün zəngin material toplayıb. Yaradıcılığa truppası üçün xalq farsları səpkisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlayıb.

Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s. komediyalarının bir çoxu Azərbaycanda da səhnəyə qoyulub. Bir sıra əsərləri ekranlaşdırılıb. Bu komediyalarda feodal-zadəgan təbəqələri kəskin satira atəşinə tutulur.

"Xəsis", "Skapenin kələkləri", "Jorj Danden və yaxud aldadılmış ər", "Sqanarel", "Tartüf", "Don Juan və yaxud daş qonaq" və bir çox digər əsərləri onun şah əsərləridir.

Aktyorluq və ədəbi yaradıcılığın vəhdəti prinsipinə axıradək sadiq qalan Molyer səhnədə xəstə halda Arqan rolunu ifa etdiyi "Zorən xəstə" komediyasının tamaşasından bir neçə saat sonra şiddətli öskürmə nəticəsində venalarının partlamasından vəfat edib.

Baxış sayı: 3953