XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Gültəkin Əsgərova
ÜMÜMİ XƏBƏRLƏR
20/06/2023 00:54

Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib.

Dağlıq Qarabağ hadisələri başlayanda 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparıb, onlara ilk tibbi yardım göstərib. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Uzun döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 noyabr tarixli 31 saylı Fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Oxuduğu 200 nömrəli tam orta məktəbə onun adı verilib, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulub. Xəzərdə üzən gəmilərdən biri Qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılıb. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filmi çəkilib, “Gültəkin zirvəsi” adlı kitab çap olunub.

Baxış sayı: 1137