XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 15:37

Yanvarın 17-də Azərbaycan Milli Kitabxanasında Qanlı Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin məhz həmin tarixdən başladığını söyləyib.

“Azərbaycanın mərd oğulları ilk dəfə həmin tarixdə sovet rejiminə, ordusuna qarşı əliyalın çıxaraq bütün dünyaya sübut etdi ki, torpaq, xalq və azadlıq uğrunda biz canımızı fəda etməyə hazırıq. İkinci Qarabağ müharibəsində isə onların övladları bu nümunədən ruhlanaraq torpaqlarımızı azad ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqı öz istəyinə nail oldu. Yüz illərdən bəri arzusunda olduğu ərazi bütövlüyünü bərpa edərək bütöv Azərbaycan yaradıldı. 20 Yanvar hadisələrinin həqiqətləri kitablarda yaşayır. Milli Kitabxananın və kitabxanaçıların əsas vəzifəsi tarixi materialları toplamaq, saxlamaq və gələcək nəsillərə çatdırmaqdır. Tarixi günlərin unudulmaması üçün bu haqda yazılan kitabların ənənəvi və virtual kitab sərgiləri, eləcə də elektron məlumat bazası dünyaya təbliğ olunur”, - deyə K.Tahirov əlavə edib.

Sonra Milli Kitabxananın əməkdaşlarının hazırladığı “20 Yanvar – Qan yaddaşımız” adlı elektron məlumat bazası təqdim olunub.

Elektron məlumat bazası ilə https://anl.az/el/emb/20_yanvar/index.html  link vasitəsilə tanış olmaq mümkündür.

Sonda iştirakçılar “20 Yanvar – Ümumxalq hüzn və milli qürur günüdür” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə 20 Yanvar hadisələrini əks etdirən Azərbaycan və müxtəlif dillərdə kitablar və fotolar yer alıb.

Baxış sayı: 35