XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 99 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 09:27

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 99 ili tamam olur.

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. Burada İbtidai məktəbi bitirib. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçüblər. Sonra Təbriz şəhərində yaşayıb, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlayıb. Sonralar Təbriz Dram Teatrında çalışıb.

O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub, 1952-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub.

Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.

Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.

Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

Baxış sayı: 45