XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Firəngiz Əlizadənin əsəri Berlində səslənəcək
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 11:53

Müasir dövr Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından söz düşərkən diqqətimiz Xalq artisti, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin yaradıcılığına yönəlir. Firəngiz Əlizadə dövrünün müasir bəstəkarları içərisində Azərbaycanı dünyanın ən nüfuzlu müsabiqə və festivallarında, konsert salonlarında əzmlə təbliğ edən ünlü sənətkarlarımızdandır. Onun əsərləri dünyanın ən məşhur kollektivləri tərəfindən ifa olunur. Hətta bəstəkarın əsəri səslənən konsertlərdə digər dünya klassiklərinin də əsərləri ifa edilir. Belə növbəti konsert Almaniyada təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, fevralın 13-də Berlinin ən məşhur konsert salonlarından birində violonçel ifaçısı Konstantin Manayev tərəfindən dünyaşöhrətli bəstəkar İ.S.Baxın əsərləri ilə yanaşı Firəngiz Əlizadənin “Aşk havası” əsəri də səslənəcək.

Qeyd edək ki, bəstəkarın “Deyişmə” adlı əsəri yanvarın 16-da Türkiyədə ifa edilib. Bu əsər Almaniyanın Osnabrück şəhərində keçirilən “Morgenland” festivalı tərəfindən sifariş olunub və elə həmin ildə də “Potsdamer Kammer akademie” orkestrinin ifasında festivalın açılış tədbirində təqdim edilib. Bu əsərdə solo partiyalar qeyri-adi alətlər üçün nəzərdə tutulub və “Şərq-Qərb” konsepsiyasına uyğun işlənilib.

Avropanın ən “qəliz” aləti olan kontrabasın, Hindistanın ənənəvi aləti olan tabla ilə birləşməsi ilk dəfə Kamera orkestrinin müşayiəti ilə səslənib. Bu, kontrabas ifaçıları üçün yazılan ən çətin əsər sayılır və müsabiqə proqramlarına daxil edilir. Maraqla qarşılanan bu əsər növbəti dəfə Türkiyədə uğurla təqdim olunub.

Konsert proqramında B.Bersanın “İdila”, F.Əlizadənin “Deyişmə” (Türkiyə premyerası-kontrabas – Onur Özkaya, tabla – Gürkan Özkan), F.Aktavın “Junior” (dünya premyerası) və G.Bottesinin “La Sonnombula” əsərləri səslənib.

Baxış sayı: 50