XƏBƏRLƏR
MƏLUMAT
Kobra ləqəbli şəhidimiz Xeyrulla İbrahimov
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2023 00:25

Xeyrulla Mais oğlu İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. 1978–1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988–1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində “Artilleriya” ixtisası üzrə ali hərbi təhsil alıb.

Xeyrulla İbrahimov 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar adında bir oğlu yadigar qalıb.

Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi - Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib.

Xeyrulla İbrahimov 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.

1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan Xeyrulla İbrahimov, 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. 1994-cü il iyunun 24-də “Baş leytenant” hərbi rütbəsi, 1997-ci il iyunun 30-da isə “Kapitan” hərbi rütbəsi verilib.

1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi vəzifəsində xidmət edən Xeyrulla İbrahimov, 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olub. 2000-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi verilib.

Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini - MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da ona “polkovnik-leytenant” hərbi rütbəsi verilib.

O, xidməti dövründə bir sıra medallarla təltif edilib.

Növbəti 7 il ərzində Xeyrulla İbrahimov hərbi hissələrin Komandiri vəzifəsində xidmət edib. O, əvvəlcə 2004-cü il aprelin 1-dən 2009-cu il iyulun 25-nə qədər Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissənin, sonra isə 2009-cu il iyulun 25-dən 2011-ci ilə qədər Naxçıvan şəhərində yerləşən “N” sayı hərbi hissənin Komandiri olub.

Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edən ehtiyatda olan polkovik-leytenant Xeyrulla İbrahimovun müraciətinə dərhal baxılıb və o, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollanıb. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Etmənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında “Kobra” ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi pul ödənişi belə təyin edilib. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xeyrulla İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Baxış sayı: 858