XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan teatr tarixinə dair fundamental əsərlərin müəllifi görkəmli alim Cəfər Cəfərov
ÜMÜMİ XƏBƏRLƏR
07/09/2021 01:27

Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda doğulub. İlk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri (1937-1938), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri (1938-1939), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1939), mədəniyyət nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda Teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib.

Cəfər Cəfərov teatr tənqidi üzrə fəaliyyətə 1930-cu ildən başlayıb. O, Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbas Mirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə elmi məqalələr, monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap etdirib. Azərbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına resenziyalar yazıb.

Cəfər Cəfərov “Rejissor sənəti”, iki cilddə Azərbaycan və iki cilddə rus dillərində “Seçilmiş əsərləri”, “Azərbaycan Dram Teatrı” kitablarını, “Cavid və teatr”, “Mirzə Fətəli Axundazdənin dramaturgiyası”, “Mirzə Fətəli Axundzadə və teatr”, “Vilyam Şekspirin dramaturgiyası” elmi əsərlərini yazıb.

Görkəmli alim 1973-cü il sentyabrın 19-u Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

 

Baxış sayı: 88