XƏBƏRLƏR
MƏLUMAT
"Ліга Сміху Azərbaycan"ın bayram finalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/12/2019 04:52

Dekabrın 24-də “Final” ticarət markasının Baş Sponsorluğu ilə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda "Ліга Сміху  Azərbaycan" yarışmasının Birinci mövsümün finalı baş tutub.

Qeyd edək ki, mövsüm iyunun 15-də açılıb və festivalda 15 komanda iştirak edib, onlardan dörd komanda finala vəsiqə qazanıb. Çempion adı uğrunda finalda "Karl Marksın Kruqu", "Şəhər uşaqları" və Ələkbər Əliyev, "Kirpi" və Azər Baxşəliyev, "Silvestr v stolovoy" və Səməndər Rzayev mübarizə aparıblar.

Konsertin əvvəlində " Ліга Сміху  Azərbaycan"ın aparıcısı və rəhbəri tamaşaçılara "Kak po maslu" komandasının bu il üçün qazandığı uğurlardan bəhs edən filmi təqdim edib. Qeyd edək ki, onlar Azərbaycanı beynəlxalq yumoristik arenalarda təmsil edən və qısa müddət ərzində İsraildə Çempionlar Kubokunu, Ukraynada Qış Kubokunu qazanan yegane komandadır. Komandanın üzvü Səməndər Rzayev Kiyevdə keçirilən Prezident Kubokunda Şou-biznes komandasının üzvü olaraq çıxış edib. Daha sonra axşamın ulduz-məşqçiləri təqdim olunub. Bunlar rəqqasə və aktrisa Oksana Rəsulova, aktyor və ssenarist Ələkbər Əliyev, aktyor və şoumen Azər Baxşəliyev, "Kak po maslu" komandasının frontmeni Səməndər Rzayev və DJ China (Çingiz Mustafayev) idilər, həmçinin xüsusi münsif-qonaq olaraq  Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov idi.

Finaldakı çempionluq kuboku ilə yanaşı, "Silvestr v stolovoy" komandasının aktyoru Vaqif Məhərrəmov Birinci mövsümünün “Ən Yaxşı Liqasmeşniki”, “Şəhər Uşaqları” komandasının üzvü Natəvan Cavadzadə isə Birinci mövsümünün “Ən Yaxşı Liqasmeşnitsası”  Diplomlarına layiq görülüblər. Qaliblərə "CinemaPlus" premium kinoteatrlar şəbəkəsi, "Ліга Сміху  Azərbaycan"  və “Final”dan eksklüziv hədiyyə-kartları təqdim olunub. Bundan başqa, Natəvan Cavadzadə və “Karl Marksın Kruqu” komandasının üzvü Valeh Dayanov, Tahir İmanov tərəfindən “Planet Parni iz Baku” teatrının tərkibinə dəvət alıblar.

Final mərhələsi 3 mərhələdən ibarət idi: Polotno, batl və musiqili yarışma.  Ən yüksək xal toplayaraq "Ліга Сміху  Azərbaycan"  Birinci mövsümünün qalibi “Kirpi” komandası və onun ulduz məşqçisi Azər Baxşəliyev olub. Komanda yalnız uşaqlardan ibarət idi: Eldar Zagidulin, Toğrul Cəfərov, Aida Abasova, Rafael Hacıyev. “Final” ticarət markası qaliblərin 1 illik yağ ehtiyaclarını ödəyən kuponlar təqdim etdi .

"Ліга Сміху  Azərbaycan"  Birinci mövsümü “Final” ticarət markasının Baş Sponsorluğu ilə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə baş tutub.

Baxış sayı: 97203