XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid Mehrac Mahmudov
ÜMÜMİ XƏBƏRLƏR
16/01/2023 23:37

Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xaborovski şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə “Usta” normasını yerinə yetirib.

Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyən M.Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlib, 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt batalyona rəsmi qəbul edilmədiyi halda hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərib. Sonradan 2 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edilib. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirib. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv edib. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərib.

23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. 3 övladı var idi.

Mehrac Mahmudov ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilib.

Baxış sayı: 244