XƏBƏRLƏR
MƏLUMAT
Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
21/06/2025 09:29

İyunun 20-də Ankara Rəsm və Heykəl Muzeyində əməkdar incəsənət xadimi, Yeditəpə Universitetinin professoru, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin baş rəssamı Rafiq Əzizin əsərlərinin nümayiş olunduğu “Prevezədən mavi vətənə“ adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Dəniz Qüvvələri Komandandlığının təşəbbüsü ilə təşkil olunan sərgidə R.Əzizin Türkiyənin Hərbi Dəniz Qüvvələrinin İstanbul, Çanaqqala, Mersin, Hatay-İskenderun dəniz muzeylərində, o cümlədən Çanaqqalanın tarixi Gelibolu rayonunda açılmış Piri Rəis muzeyində sərgilənən, eləcə də Milli Müdafiə Nazirliyinin kolleksiyasında yer alan türk dəniz tarixi mövzulu yağlı boya ilə çəkilmiş 35 əsəri nümayiş olunur.

Sərgidə həmçinin, İstanbul Dəniz Muzeyində saxlanılan tarixi eksponatlar və muzeyin fondunda saxlanılan bəzi tarixi tablolar sərgilənməkdədir.

Rafiq Əzizin Mustafa Kamal Atatürkə həsr olunan əsərlərinin də nümayiş olunduğu sərgi iyulun 20-dək davam edəcək.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Baxış sayı: 27