XƏBƏRLƏR
MƏLUMAT
7 sentyabr akademik Cəfər Cəfərovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/09/2019 08:40

Cəfər Haşım oğlu Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda anadan olub. İlk təhsilini burada alıb, 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Sonra Bakıya qayıdaraq 1937-1938-ci illərdə Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, 1938-1939-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri, 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib.

O, 1951-1953-cü illərdə Azərbaycan KP MK-nın şöbə müdiri, 1959- 1973-cü illərdə EA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsinin müdiri, 1967-1971-ci illərdə Azərbaycan KP MK ideoloji katibi və s. kimi vəzifələrdə çalışıb. Hökümətdə müxtəlif məsul vəzifələr tutan Cəfər Cəfərov 1959-cu ildən ömrünün sonunadək Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib.

“M.F.Axundovun dramaturgiyası” (1953), “C.Cabbarlı” (1960), “M.F.Axundov” (1962), “V.Şekspir” (1964), “Azərbaycanda estetik fikir tarixindən” (M.Qasımovla birgə; 1964) və s. kitabları çapdan çıxmışdır. Milli teatr tarixinə, müasir teatr proseslərinə və məsələlərinə həsr olunmuş “Azərbaycan dram teatrı tarixi” (1953, 1959, 1974), “Azərbaycan sovet dram teatrı” (1968) kimi fundamental tədqiqatları vardır.

Azərbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına resenziyalar yazıb.Alimin “Rejissor sənəti”, iki cilddə Azərbaycan və rus dillərində “Seçilmiş əsərləri”, “Azərbaycan Dram Teatrı” kitabı dəyərli tədqiqat nümunələridir. Onun “Cavid və teatr”, “M.F.Axundovun dramaturgiyası”, “M.F.Axundov və teatr”, “V.Şekspirin dramaturgiyası” elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir.

 Alim 1972-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Cəfər Cəfərov 1973-cü il sentyabrın 19-da Bakıda vəfat edib,Fəxri Xiyabanda dəfn olunub.

Baxış sayı: 94839