XƏBƏRLƏR
MƏLUMAT
“Zəfər yolunun qəhrəmanları” rubrikasında Kamal Babayev
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2022 00:23

Kamal Babayev 27 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olub. 1997-ci ildə İsmayıllı rayon Xanəgah kənd ümumi orta məktəbinin 1-ci sinfinə gedib, ardınca orta təhsilini İsmayıllı rayonunun 1 nömrəli tam orta məktəbində tamamlayıb. 2008-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdiyi təhsil müəssisəsində sürücü ixtisasına yiyələnib.

Kamal Babayev 2009-cu il iyulun 8-i həqiqi hərbi xidmətə yollanıb.“N” saylı hərbi hissədə xidmətini sürücü kimi davam etdirib․ 2 yanvar 2011-ci ildə hərbi xidmətini başa vurub․

Azərbaycan Ordusunun əsgəri olan Kamal Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Kamal Babayev oktyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Kamal Babayev ölümündən sonra “Vətən uğrunda” və 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baxış sayı: 253