XƏBƏRLƏR
MƏLUMAT
XX əsrin ən qabaqcıl intellektuallarından hesab olunan ingilis yazıçı Oldos Haksli
ÜMÜMİ XƏBƏRLƏR
26/07/2021 05:04

Oldos Leonard Haksli Britaniyada, məşhur Haksli ailəsində 26 iyul 1894-cü ildə anadan olub. Oksforddakı təhsilini görmə ilə bağlı problemlər yaşadığı üçün yarımçıq qoyan Haksli, bir müddət kor olmaq qorxusu ilə yaşayıb və əlinə keçən hər şeyi oxumağa çalışıb. Hər iki dünya müharibəsinin şahidi olan yazıçı, insanlığın gələcəyi ilə bağlı bütün ümidlərini bu müharibələrdə itirib və yeni dünyalar yaratmaq üçün utopik və distopik janrda əsərlər yazmağa başlayıb.

Müasirləri onun iki ayrı ruh daşıdığını deyiblər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyən və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanıb.

Yeddi dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilən Hakslinin utopiya və distopiya janrındakı xəyal gücünü, ən məşhur əsərlərindən biri olan Cəsur Yeni Dünya (1932) və son romanı olan Adalar (1962) əsərində daha yaxşı görmək mümkündür.

Müəllifə görə “Cəsur Yeni Dünya” romanı gələcək haqqında kəhanətdən ibarətdir. Antik yunan mifologiyası, polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa Haksli “Cəsur Yeni Dünya”nı bütün bunlardan topladığını deyir.

Xüsusilə Cəsur Yeni Dünya kitabı, Corc Orvelin “1984” romanı ilə birlikdə distopik janrda yazılmış iki ən əhəmiyyətli əsər hesab olunur. 1949-cu ildə “1984” əsəri nəşr olunduqdan sonra Haksli Orvelə bu barədə məktub yazıb və məktubunda kitabı çox bəyəndiyini xüsusilə vurğulayıb.

Haksli vəfatından bir neçə il əvvəl yazdığı “Cəsur Yeni Dünyaya Səyahət” adlı kitabında 20 il əvvəl etdiyi səhvləri düzəldib. Müəllifin bu kitabında qeyd etdiyi kimi, vətəndaş haqları uğrunda mübarizə aparanlar və tiraniyaya qarşı müqavimət göstərməyə çağıran rasionalistlər, “insanın əyləncələrə qarşı olan sərhədsiz meylini nəzərə almayıblar”.

Tanınmış yazıçı 1937-ci ildə ABŞ-a köçüb və ömrünün sonuna qədər Los-Ancelesdə yaşayıb. Qəribə təsadüfdür ki, Haksli 1963-cü ilin 22 noyabr tarixində, dövrün ABŞ prezidentdi Con Kennedinin sui-qəsd nəticəsində öldürüldüyü gün dünyasını dəyişib.

Baxış sayı: 255