XƏBƏRLƏR
MƏLUMAT
Xəzər, Bakı, muğam və caz - Xalq artisti Eyyub Yaqubov
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2022 00:59

Azərbaycanın Xalq artisti, klassik ədəbiyyatımızın gözəl bilicisi, hər zaman xalqın istəyini duyan və ona gözəl nəğmələr bəxş edən,həm xalq, həm də bəstəkar mahnılarını, estrada və caz musiqisinin mahir ifaçısı Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhəri Bayıl qəsəbəsində anadan olub. İlk təhsilini 49 nömrəli orta məktəbdə alıb. Musiqiyə olan böyük marağı eyni zamanda 3 nömrəli musiqi məktəbində təhsil alması ilə davam edib. 8 illik təhsilini orta məktəbdə bitirdikdən  sonra, 1980-ci ildə o, Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olub.

Texnikumda oxumaqla yanaşı o, mərhum sənətkarımız, Xalq artisti Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq çalğı alətləri ansamblında pianoçu işləyib. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edib.

7-ci sinifdə oxuyarkən, o, Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənib. Dost-tanışlarının yanında hərdən mahnılar oxuyub. Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub, bu fikirdən uzaqlaşıb. Erkən yaşlarından dost-tanış arasında tez-tez müğənnilik edərək, zaman ötdükcə bu incəsənət növünün incəliklərinə yiyələnib. Eyyub xüsusi ilə köhnə Bakının şanson mahnılarının vurğunu olub. Mahnı oxumaq həvəsi heç də maddi maraq güdməkdən irəli gəlməyib. Eyni zamanda, təmiz ürəkdən gələn bu arzu onu daha da ruhlandırıb. Zamanın tələbləri ilə addımlayaraq, restoranlarda oxumağa başlayıb.

1992-ci ildən etibarən populyarlıq qazanıb. Həmin zamandan bəri bir neçə albomu çıxıb. 2018-ci ildə Azərrbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Eyyub Yaqubova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.

Eyyub Yaqubov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tədbirlərində fəal iştirak edir. #senetinledestekle və #gelinyalligedek təşəbbüslərini ilk dəstəkləyən sənətçimiz hər zaman gözəl ifaları ilə həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda sevilir.

Eyyub müəllimi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Baxış sayı: 190