XƏBƏRLƏR
MƏLUMAT
Veteran atanın şəhid oğlu - Sərxan Abdullayev
ÜMÜMİ XƏBƏRLƏR
02/11/2022 00:32

Sərxan Elxan oğlu Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Atası — Birinci Qarabağ müharibəsinin veteranı Elxan Abdullayevdir. 1995-2006-cı illərdə Qazax şəhərində M. Hüseyn adına humanitar və təbiət fənnləri üzrə liseydə təhsil alıb. Cəmilə Abdullayeva ilə ailəli idi. Orxan və Turan adında 2 övladı yadigar qalıb.

Sərxan Abdullayev 2006-2008-ci illərdə DİN Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Xidməti dövründə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərxan Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sərxan Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Sərxan Abdullayevə məxsus şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.

Baxış sayı: 323