XƏBƏRLƏR
MƏLUMAT
Tariximizin Qan Yaddaşı-Xocalı soyqırımı
ÜMÜMİ XƏBƏRLƏR
25/02/2021 03:06

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları 7 min nəfər əhalisi olan, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərinə vəhşicəsinə hücum ediblər, heç kimə aman vermədən dinc sakinləri kütləvi şəkildə məhv ediblər, şəhərə od vurub yandırıblar, ağlasığmaz qəddarlıqlar, amansız qırğınlar törədiblər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu hadisə XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız əhaliyə bir gecənin içində amansız divan tutulub. Xocalı faciəsi nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olub. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub və əsir düşüb.

Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görüblər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçiriblər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edib. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulub.

Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulan ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılayıblar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olublar. Vəhşi ermənilər tərəfindən şəhər qana bələnib və yer üzündən silinib. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilməyib. Xocalının qəhrəman müdafiəçiləri təpədən-dırnağa qədər müasir silahlarla təchiz olunan düşmən qarşısında özünü

itirməyib, əyilməyib, qəhrəmanlıq və rəşadət nümunələri göstərib. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi olublar.

Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və intiqam hissi bəsləyən erməni anaları öz dığalarını da həmin ruhda böyüdürlər. Azərbaycan anası isə qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində, bu, bəşəri alicənablıqdır.

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərib. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandıran ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib.

Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilən bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm

tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımızın Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir. Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq.

Prezidentimizin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2016-cı ilin Aprel döyüşləri və 2020-ci il Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycan ordusu güclüdür və biz ərazi bütövlüyümüz bərpa etdik.

Baxış sayı: 165