XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış alt ifaçısı, Əməkdar artist Çingiz Məmmədov
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2022 23:42

Çingiz Məmmədov 1947-ci il noyabrın 15-də Bakıda anadan olub. 1954-cü ildə Bülbül adına musiqi məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra 1965-1970-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

1968-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrında çalışıb. Konservatoriyanı bitirdikdən sonra orada qalıb, alt və kamera ansamblı sinfində müəllim kimi çalışıb. Eyni zamanda, Azərbaycan Dövlət Kvartetinə dəvət olunub və orada işləyib. 1975-1977-ci illərdə Leninqrad Dövlət Konservatoriyasının aspiranturasını bitirib. 1977-ci ildən 1980-ci ilə qədər Ekvator Respublikasında milli orkestrda çalışıb. Vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında dosent işləyib və Azərbaycan Dövlət Kvartetində işini davam etdirib.

1990-cı ildə Meksikaya, Latın Amerikasının ən qabaqcıl orkestrlərindən biri olan Meksika ştatının Simfonik Orkestrində alt qrupunun konsertmeysteri kimi dəvət olunub. Hazırda orada işləyir. İldə bir neçə dəfə, Meksikanın müxtəlif şəhərlərində orkestlərin solisti kimi konsert verir. Eyni zamanda Meksikanın ən mötəbər auditoriyalarında, beynəlxalq festivallarda da kamera musiqisini (duet, trio, kvartet) konsertlərində iştirak edir. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini onlarca vallara və disklərə yazdırıb.

Çingiz Məmmədov 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti” adına layiq görülüb.

Baxış sayı: 329