XƏBƏRLƏR
MƏLUMAT
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
08/08/2022 01:20

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat İkinci Dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı və həkim Aliyə Rüstəmbəyovaya həsr olunub.

Aliyə Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür.

O, Bakıdakı 3 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna (indiki ATU) daxil olur və daha sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu. Lakin Aliyə Özbəkistanda Çirçik tikintisində çalışanların sağlamlığı üçün çalışmağa könüllü olacaq həkim axtarıldığını görür və Moskvaya təhsilini davam etdirmək əvəzinə Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışdıqdan sonra 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir.

1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə də həkim kimi cəbhəyə yollanır. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində hərbi tibbi xidmət edir. Müharibə 1940-cı il martın 12-də başa çatdıqdan sonra Aliyə Moskvaya qayıdıb, öz işini S.P.Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir. Lakin bu da uzun çəkmir. 1941-ci il iyunun 22-də Almaniyanın Sovet İttifaqı üzərinə hücumundan sonra Aliyə yenidən hərbi tibbi xidmətə yollanır.

1941-ci ilin dekabrında yaralı döyüşçülərə tibbi yardım edərkən əsir düşmüşdür. 1942-ci ilin fevralında isə "Deduşka" partizan dəstəsinin köməyi ilə əsirlikdən qaçır. Martın 23-də döyüşlərdə yaralanan dəstənin komandanı Deduşka ləqəbli Vasili Voronçenko Aliyə Rüstəmbəyovanın müdaxiləsi ilə xilas olmuşdur.

1962-ci ildə heykəltəraş Aslan Rüstəmov Aliyənin büst-portretini hazırlamış, şairə Mirvarid Dilbazi 1972-ci ildə “Partizan Aliyə” poemasını yazmışdır.

Baxış sayı: 153