XƏBƏRLƏR
MƏLUMAT
Şair, dramaturq Zeynal Xəlilin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/08/2022 00:35

Zeynal Xəlil 1914-cü il martın 23-də Gəncə şəhərində sənətkar ailəsində doğulub. Hər zaman öz şeirlərində ağrı və məhəbbətlə atasını yad edən Zeynal Xəlil yeddi yaşında ikən atasını itirib. Böyük qardaşlarının himayəsində yaşayan şair əvvəl yeddiillik orta məktəbi, sonra isə peşə məktəbini bitirib. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub.

Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə verib “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazıb. Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə gedib, daha maraqlı və rəngarəng əsərlər yaradıb. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyadıb. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları haqlı olaraq bütün Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. Zeynal Xəlilin “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemalarını da bu siyahıya daxil etsək və bu əsərləri diqqətlə nəzərdən keçirsək şairin ümumi mənzərəsini görərik. Onun yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri də oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb. Bunun isə səbəbi onun şeirlərindəki istilik, ürəyə yatımlılıq, coşqun ehtiras və lirik əhval-ruhiyyədir.

Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulub və müvəffəqiyyət qazanıb. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. Bu filmin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dillər əzbərinə çevrilib.

Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Emin Sabitoğluna məxsus “Kimlər gəldi, kimlər getdi”, “Bu gecə”, “Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.

Zeynal Xəlil 11 avqust 1973-cü ildə Gəncə şəhərində vəfat edib.

Baxış sayı: 357