XƏBƏRLƏR
MƏLUMAT
Ömrünün çoxusunu uşaq mahnılarının yazılmasına həsr etmiş bəstəkar Oqtay Zülfüqarovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
31/08/2022 00:25

Oqtay Qədir oğlu Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi məktəbinin violoncel sinfində, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar bəstələməyə başlayıb. Eyni zamanda o, “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da yazıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı “Şənlən, mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb.

Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb.

Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

2010-2012-ci illərdə O.Zülfüqarov "Məlikməmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb.

1972-ci ildə “Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi”, 2000-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat edib. Əvəzolunmaz sənətkar 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Baxış sayı: 594