XƏBƏRLƏR
MƏLUMAT
Milli musiqi tariximizdə ilk milli lirik operanın müəllifi Fikrət Əmirov
ÜMÜMİ XƏBƏRLƏR
22/11/2021 00:49

Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncə şəhərində anadan olub. O, 1948-ci ildə Bakı Konservatoriyasını, Üzeyir Hacıbəyli və Boris Zeydmanın sinfini bitirib. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət filarmoniyalarının (1947) bədii rəhbəri, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F.Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. F.Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi-səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F.Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası", "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir.

Məşhur Azərbaycan bəstəkarı C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub (əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaradıb. F.Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də tamaşaçıların xüsusi rəğbətini qazanmış əsərlərdir.

Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaradıb. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E.Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.

2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edib.

Tarzən Məşədi Cəmil Əmirovun oğlu, cazmen Cəmil Əmirovun atasıdır. Belçikalı müğənni Nəzrin Əfəndiyevanın babasıdır.

Baxış sayı: 323