XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana misgərlik sənəti haqqında məlumat təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2021 02:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin 7 nömrəli filialı misgərlik sənəti haqqında məlumat təqdim edib. 

Azərbaycan misgərliyin mərkəzlərindən biri olub. Ərazimizdə tapılan ilk mis əsaslı metal işləmələrin tarixi neolit dövrünə aiddir. E.ə.VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Sənətşünaslar yazır ki, Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində saxlanan misdən hazırlanan nümunələr bir daha sübut edir. Tədqiqatçılar yazır ki, 1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edib ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400 nəfərə mis qablarda yemək verilir. XIX və XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları mis məmulatları müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb.

Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları. Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olub. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladığı, mürəkkəb və incə naxışlarla bəzədiyi dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. Metalişləmə sənəti, digərlərindən fərqli olaraq, azərbaycanlı ustaların öz istedadlarını bütün dolğunluğu ilə ifadə edə bildiyi sahələrdən sayılır. Azərbaycanda metalişləmə sənəti qədim tarixə malik olsa da, misgərlik orta əsrlərdən formalaşmağa başlayıb. Bir sıra mənbələr göstərir ki, Azərbaycanda misgərlik sənəti əsasən XVIII əsrdə inkişaf edib. Bu yerlərə həmin dövrlərdə səfər etmiş səyyahlar da bir çox şəhərlərdə xüsusi misgərlik küçəsi olduğunu, orada misdən bəzəkli, orijinal formalı qab-qacaq düzəldildiyini qeyd edirlər. O da xüsusi olaraq bildirilir ki, Azərbaycanda elə yerlər olub ki, orada nəinki bir-iki küçədə, hətta misgərliklə məşğul olma kütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayış məntəqəsidir) idi. Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanıb. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb.

Məlumatı aşağıdakı keçiddən izləyə bilərsiniz:

Baxış sayı: 396